Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Dəlilik böhtanı

    bohtan

    İnkarçılar Allah`ın elçilərinə olan düşmənçilik və nifrət hisslərindən tarix boyunca oxşar üsullarla istifadə etmişlər. Hz. Yusif, hz. Məryəm və Peyğəmbərimiz (s.ə.v.) dövründə səhabələrə namus məsələsi ilə bağlı böhtan atılması bunun inkarçıların klassik bir üsulu olduğunu göstərir. İnkarçıların hər dövrdə tez-tez istifadə etdiyi digər bir üsul da elçiləri dəli olmaqda ittiham etmələridir. Hz. Muhəmməd (s.ə.v.) də daxil olmaqla, bir çox elçi Allah`a və dinə olan bağlılıqları məqsədilə eyni böhtanla qarşılaşmışlar. Allah ayələrində elçilərin dəlilikdə ittiham edilməsinin səbəbini belə bildirir:

    Yoxsa öz peyğəmbərlərini tanımadılar və buna görə onu inkar edirlər? Yaxud: "Onda divanəlik var?" dedilər. Xeyr, Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün öyüd-nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz döndərirlər. (Muminun surəsi, 69-71)

    İnkarçıların elçilərə qarşı çıxmasının səbəbi yuxarıdakı ayələrdə də bildirildiyi kimi, elçilərin yaydığı həqiqətlərin bu insanların dünyəvi istək və maraqlarına zidd olmasıdır. Allah`ın elçiləri bu insanlardan heç bir əvəz gözləməsə də, sanki onları böyük bir borc altına salırmış kimi elçiləri susdurmağa və aradan götürməyə çalışırdılar. Halbuki, inkarçı cəmiyyətin onlara gələn Allah elçisini danışdırmaması və ya onu dinləməməsi inkarçıların axirət həyatında qarşılaşacağı aqibəti dəyişdirməyəcəkdir. Allah yuxarıdakı ayələrin davamında belə bildirir:

    Yoxsa sən onlardan bir muzd istəyirsən? Rəbbinin əcri daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır! Əslində, sən onları doğru yola dəvət edirsən! Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır! (Muminun surəsi, 72-74)

    İnkarçıların Allah`ın göndərdiyi elçiləri dəlilikdə ittiham etməsi bir miras kimi nəsildən-nəslə, ümmətdən-ümmətə keçmişdir. Hər dövrdə peyğəmbərlər və onların ardınca haqq dinini təbliğ edən müsəlmanlar oxşar böhtanlarla qarşılaşmışlar. Ancaq dini inkar edənlərin bütün cəhdlərinə rəğmən bu əməlisaleh insanların Allah`ın haqq yolundan dönməməsi Quranda bildirilmişdir. Quranda dəlilik ittihamı ilə qarşılaşdıqları xəbər verilən digər elçilərlə bağlı bəzi ayələr belədir:

    Hz. Muhəmməd (s.ə.v.)

    Onlar belə dedilər: "Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən!" (Hicr surəsi, 6)

    Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O, divanədir!" deyirlər. (Qələm surəsi, 51)

    Onlar isə ondan üz çevirib belə dedilər: "Bu, öyrədilmiş bir divanədir!" (Duxan surəsi, 14)

    Hz. Hud

    Tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardın hesab edirik!" deyə cavab verdilər. "Hud dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.(Əraf surəsi, 66-67)

    Hz. Nuh (as)

    "Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!" Nuh belə dedi: "Ey Rəbbim!" Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!" (Muminun surəsi, 25-26)

    Bunlardan əvvəl Nuh qövmü öz peyğəmbərini təkzib etmiş və bəndəmizi yalançı sayıb: "Divanədir!" demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi" (Qəmər surəsi, 9)

    Hz. Musa

    Firon: "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir" dedi. (Şüəra surəsi, 27)

    Yuxarıda qeyd etdiyimiz ayələrdən də göründüyü kimi, inkarçılar Allah`ın göndərdiyi peyğəmbərləri dəlilik, ağıl çatışmazlığı, cinli və divanə olmaq kimi sifətlərlə alçaltmağa çalışmışlar. Onların buradakı məqsədi doğru olanı, haqq dini hər zamankı kimi inkar edə bilmək, dünyada öz istək və arzularına görə yaşamaq, onları başıboş qəbul etdirmək üçün elçilərin söylədiklərini yalanlamaq istəmələridir. İnkarçılar insanların əqli bir yetərsizlik içində gördükləri adamlara inanmayacaqlarını bildikləri üçün belə bir üsuldan istifadə etmişdilər.

    Ancaq elçiləri dəlilikdə ittiham edənlərin və onlara dilləri ilə sıxıntı və əzab yaşatmağa çalışanların qarşılaşdığı aqibət də onların daimi böhtanları kimi bir-birinə oxşamışdır. Allah hz. Musanı cadugər və ya dəli olmaqda ittiham edən fironun aqibətini Quranda belə bildirir:

    O, bütün əyanları ilə birlikdə üz döndərib: "Bu sehrbazdır, yaxud da dəlidir!" - demişdi. Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü. (Zariyat surəsi, 39-40)

BÖLMƏLƏR