-
Vəzirin arvadının böhtanı
Hz. Yusif hələ kiçik yaşda olarkən Allah`ın elm verdiyi peyğəmbərlərdən biridir. Onu qısqanan qardaşları tərəfindən uşaq yaşında olarkən bir quyuya atılmış, hz. Yusifi tapan bir karvan onu ucuz bir qiymətə misirli bir vəzirə satmışdı. Yetkinlik yaşına çatanda yanında qaldığı vəzirin həyat yoldaşı hz. Yusifdən ayədəki ifadə ilə desək, “murad almaq” istəmişdi. Ancaq hz. Yusif imanı və Allah qorxusu səbəbi ilə qadının bu istəyini rədd etmişdi. Rədd edilən qadın ondan qaçmaq istəyən hz. Yusifə arxadan yetişərək köynəyini tutub dartmış və bu anda hz. Yusifin köynəyi arxadan cırılmışdı. Bu zaman qadının əri olan vəzirlə qarşılaşmışdılar, qadın öz günahını gizlətmək üçün hz. Yusifə böhtan atmış, onu ondan "murad almaq" istəyində günahlandırmışdı. Mövzu ilə bağlı ayələr Quranda bu şəkildə bildirilir:Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq! Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" dedi. Yusif isə: "Mən Allah`a sığınıram. Axı o, mənim ağamdır. O, mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!" deyə cavab verdi. Doğrudan da ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyil edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir! Hər ikisi qapıya tərəf cumdu. Qadın onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Qadın dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!" (Yusif surəsi, 22-25)
Hz. Yusif qadının bu ittihamı qarşısında özünü: "O, məni tovlayıb mənimlə yaxınlıq etmək istədi!..." (Yusif surəsi, 26) deyərək müdafiə etmiş, bunun üçün qadının yaxınlarından biri aralarında şahidlik etmişdi:
"...Əgər köynəyi öndən cırılmışsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır." (Yusif surəsi, 26-27)
Ayədə bildirildiyi kimi, köynəyinin arxadan cırılmış olması hz. Yusifin doğru söylədiyinin bir dəlilidir. Ancaq namusluluğuna dair dəlillərinin çox açıq olmasına baxmayaraq, hz. Yusif zindana atılmışdı.
Burada hz. Yusif Allah`dan qorxmayan, mövqe və məqam sahibi olan insanların məkrli planları ilə qarşı-qarşıya qalmışdı. Hz. Yusif qadının istəkləri ilə zindan arasında seçim etmək zorunda qalmışdı. Üstəlik, zindana atıla bilməsi üçün etmədiyi bir günah üstünə yıxılmışdı. İttiham edildiyi günah iş isə xalq tərəfindən təhqir olunacaq, dedi-qodu yaradacaq və üz qızardacaq bir günah olan "zina"dır. Onun belə çirkin bir böhtana məruz qalmasının yeganə səbəbi isə "zina" etməyi rədd etməsi və namuslu, üstün əxlaqlı bir müsəlman olmasıdır. Hz. Yusifə qarşı məkrlə qurulan tələ inkarçıların səmimi müsəlmanları öz yolundan döndərmək və ya onları məcburən dindən uzaqlaşdırmaq üçün tətbiq etdikləri "ənənəvi" üsullardandır.
Bu hadisə ilə əlaqədar digər diqqətçəkən mövzu isə belədir. Qadın hz. Yusifi zinaya məcbur etməklə onu öz inancsız və əxlaqsız həyatına qatılmağa çağırırdı. Amma onun istədiyi kimi davranmadığına görə, müsəlmanlıqda israr edən hz. Yusifi zina böhtanı ilə zindana atdırmışdı. Hz. Yusifin nümunəsində göründüyü kimi, inkarçılar hər zaman öz istəkləri, həyatlarının əsas parçası olan günah və əxlaqsızlıqları ilə möminlərə böhtan atır, bunun da nəticəsində onların cəzalandırılmasını təmin etməyə çalışırdılar.
Hz. Yusif ona bir hiylə qurulduğunu bilmiş, amma Allah`ın razılığını hər şeydən üstün tutan hər müsəlman kimi o da zindanı inkarçıların çağırdığı əxlaqsızlıqdan üstün tutmuş və uzun müddət zindanda qalmışdı. Hz. Yusifin bu mövzuda Allah`a olan duası Quranda belə bildirilir:
(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyil edər və cahillərdən olaram." Rəbbi Yusifin duasını qəbul buyurub qadınların məkrindən qurtardı. Həqiqətən, O, eşidəndir, biləndir! (Yusif surəsi, 33-34)
Bir insanın heç bir maddi dəstəyi olmadan, yaşadığı cəmiyyətin öndə gedən insanlarını qarşısına alaraq sadəcə Allah`ın razı etmək üçün həbsdə yatmağı qəbul etməsi onun nə dərəcədə yüksək bir imana sahib olmasının təzahürüdür.
Bu hadisədəki şərtləri realist bir baxış bucağından bir daha nəzərdən keçirmək faydalıdır. Hz. Yusif böhtanla qarşılaşmış, iftiraya məruz qalmışdı. Etmədiyi günahdan ötrü onu məhkum etmişdilər. Uzun müddət həbsdə qalmışdı. Ətrafındakı insanlardan düşmən münasibəti və ədalətsiz davranış görmüşdü. Məsələnin zahiri tərəflərini nəzərdən keçirəndə onu təmizə çıxaracaq hər hansı bir insandan və ya vəziyyətdən hətta söz gedə bilməz. Günahsız olmasına baxmayaraq, hz. Yusifi həbsə salmaqda qərarlı olmaları o dövrdə həm böyük bir ədalətsizliyin hökm sürməsinin, həm də özünü qorumağa çalışan bir insanın cəmiyyətdən necə münasibət görməsinin təzahürüdür. Diqqət edilərsə, dəlillərin ortaya qoyulmasına baxmayaraq, cəmiyyət içindəki bu zülmə yol verilir, vəziyyəti yaxşı bildikləri halda, insanların heç biri haqlının tərəfində dayanmır. Bu zülmə razılıq verir, öz mənfəətlərini ön planda tutur və günahsız olmasına baxmayaraq, bir insanın zindana atılmasına razı olurlar. Bu vəziyyət ayədə belə bildirilir:
Dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
Nəticədə, hz. Yusif illərlə zindanda qalmışdır (Yusif surəsi, 42). Bu hadisələrin kənardan görünüşü və aşkara çıxarılması nə qədər çətin olsa da, hər şeyin mahiyyətini bilən möminlər üçün vəziyyət belə deyil. Möminlər hansı çətinlik və sıxıntı ilə qarşı-qarşıya gəlirsə gəlsinlər, onlar daim Allah`a təvəkkül edər, heç bir ümidsizliyə qapılmaz, hər vəziyyətdə Allah`dan razı olar, hər hadisədə Allah`ın yaratdığı bir gözəlliyin və xeyirin mövcud olduğuna qəti bir bilgi ilə iman gətirərlər. Doğrudan da hz. Yusifin bir böhtan nəticəsində zindana atılması bir cahilin baxış bucağından böyük bir uğursuzluq kimi görünsə də, nəticə onun üçün həm dünyada, həm də axirətdə böyük bir xeyirə çevrilmişdir.
Hz. Yusif zindanda olduğu müddətdə dövrün hökmdarı gördüyü bir yuxunun yozulmasını istəmişdi. Hökmdarın hüzurunda işləyən və illər öncə hz. Yusiflə eyni zindanda qalan bir adam yuxunu yozmaq üçün hz. Yusifə baş çəkir. Hz. Yusifin zindanda saxlanmasının illər keçəndən sonra xatırlanması Allah`ın müəyyən etdiyi alın yazısının işığında bu şəkildə gerçəkləşir. Hz. Yusifin yuxuya gətirdiyi hikmət dolu izah səbəbi ilə hökmdar onu hüzuruna çağırır. Ancaq hz. Yusif əvvəlcə ona atılan böhtanın araşdırılmasını və özünün birmənalı şəkildə təmizə çıxarılmasını istəyir:
Hökmdar: "Onu mənim yanıma gətirin!" dedi. Elçi Yusifin yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş ki, "əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!" (Yusif surəsi 50)
Hökmdar hadisənin şahidi olmuş qadınları hüzuruna toplayır və qadınlar - vəzirin xanımı da daxil olmaq şərti ilə - hz. Yusifin günahsız olduğunu etiraf edirlər. Beləliklə, hz. Yusifin günahsız olması ortaya çıxır:
Hökmdar soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?" Qadınlar: "Allah eləməsin! "Biz onun barəsində pis bir şey bilmirik!" deyə cavab verdilər. Vəzirin övrəti dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!" (Yusif surəsi, 51)
Hz. Yusif bu etiraf qarşısında bunları söyləmişdir:
"...Bu, ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allah`ın xainlərin hiylələrinə yol vermədiyini bilsin!" (Yusif surəsi, 52)
Hz. Yusifin Allah`ın haram bildiyi bir hərəkəti etmək əvəzinə illərlə zindanda qalmağı üstün tutması, zina etdiyinə dair böhtana məruz qalmasına baxmayaraq, gözəl bir səbir göstərməsi qiyamətə qədər bütün möminlərə nümunə olacaq bir davranışdır. Allah hz. Yusifə göstərdiyi üstün əxlaq, təvəkkül və təslimiyyətin ardından zindandan çıxdıqdan sonra Misirdə güc və iqtidar vermişdi. Əlbəttə, bu, Allah`ın hz. Yusifə dünyada verdiyi bir əvəzdir. Allah bunu ayədə bu şəkildə bildirir:
Beləliklə, Yusifi o yerdə mövqe sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər, görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir. (Yusif surəsi, 56-57)
Hz. Yusifin həyatından götürülən nümunədən də gördüyümüz kimi, möminlərə atılan böhtan nə qədər çirkin olursa olsun, möminlərin əleyhinə qurulan hiylə nə qədər güclü olursa olsun, Allah`ın əməlisaleh qulları gec də olsa təmizə çıxırlar. Müsəlmanlara qarşı qurulan bu cür planların həyata keçməyəcəyi bir çox ayələrdə xəbər verilmiş və hz. Yusifin həyatı ilə bağlı bu hadisə bütün insanlara nümunə və ibrət dərsi olaraq bildirilmişdir.
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır