Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • İnkarçıların möminlərə qarşı düşmənçiliyi

    bohtan


    Tarix boyu Allah`ın göndərdiyi elçilər insanlara haqq dini təbliğ etmək, yaxşılığı əmr edib pisliklərdən uzaqlaşmaq vəzifəsi ilə yüklənmişlər. Peyğəmbərlərin olmadığı dövrlərdə isə səmimi, dürüst və güclü bir imana sahib olan müsəlmanlar Allah`ın insanlar üçün seçib bəyəndiyi dini təbliğ etmək vəzifəsi ilə yüklənmişlər. Ancaq Allah`a iman gətirən və insanları da Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmağa dəvət edən bu insanlar tarix boyu bəzi insanların söz və əməl şəklindəki təzyiqlərinə məruz qalmış, bəzən hətta ölüm təhlükəsi altında yaşamışlar.

    Allah`a könüldən bağlı olan və üstün əxlaq sahibi olan möminlərə düşmənçilik hissi bəsləyənlər, şübhəsiz ki, böyük bir qəflət içindədir. Çünki möminlər Allah`dan qorxub çəkinən, bütün insanlara daim dost münasibəti bəsləyən, ətrafındakılara rahatlıq və güvənlik verən, daim ədaləti gözləyən, hər cür haram işlərdən çəkinən insanlardır. Möminlər dünyəvi hərislikləri olmadığı üçün heç kimlə mənfəət hesabı çəkməzlər. Əksinə, onlar fədakar, təvazökar və qənaətcildirlər. Ancaq bu üstün xüsusiyyətlərinə baxmayaraq, möminlər bəzi insanların şiddətli düşmənçiliyi və təzyiqləri ilə qarşı-qarşıya qalırlar. Allah bu insanların kimliyini və möminlərə qarşı düşmənçiliyinin səbəbini Quranda keçmişdən misallar verərək bizə bildirir.Quran ayələrində bizə bildirilən bu insanların müsəlmanlara qarşı olan düşmənçiliyinin arxasında gizlənən əsas səbəb onların Allah`a və dinə olan düşmənçilikləridir. Onlar bütün insanlara can verən və saysız nemətlərlə ruzilərini verən, sonsuz güc sahibi olan bir Yaradıcının varlığını özlərinin təkəbbürlü olması səbəbi ilə qəbul etmək istəməzlər. Həyata hərisliklə bağlanmalarına və dünyanı axirətə nəzərən seçdiklərinə görə, Allah`ın dininə tabe olmağın onlara gətirəcəyi məsuliyyətdən qaçmaq üçün inkara üstünlük verərlər. Özlərini heç kimin qarşısında məsul hiss etmək istəməz, etdikləri pisliklərin, əxlaqsızlıqların, çirkinliklərin hesabını verəcəkləri bir günün gələcəyini düşünməzlər. Bu səbəbdən də Allah`ı və dini, hesab gününü xatırladan insanları özlərinə düşmən sayarlar.

    Bu düşmənçiliklərinin nəticəsində iman edənləri əngəlləməyə, yaxud da öz dinsizliklərinə geri çevirməyə çalışırlar. Quranda bildirildiyinə görə, dindən uzaq olan insanlar bu məqsədlərini həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər: möminlərə pusqu qurur, işgəncə ilə əzab verir, alçaldıcı sözlərlə onlara zülm etməyə çalışırlar. Məhz "böhtan" inkarçıların iman gətirənlərə qarşı istifadə etdiyi bu yollardan biridir. Mömin insanları böhtan vasitəsilə öz tərəflərinə çəkməyə, doğru bildikləri yoldan azdırmağa çalışırlar. İnkarçıların tarix boyu bircə dəfə də olsun nəticə verməyən düşmənçiliklərini Allah Quranda belə bildirir:

    "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər." (Mümtəhinə surəsi, 2)

    Bu kitabda haqqında danışacağımız böhtanların mənbəyi Quranda da bildirildiyi kimi, iman gətirənlərə düşmənçiliklə "əllərini və dillərini uzadanlar"dır. Sonrakı səhifələrdə də görəcəyimiz kimi, böhtan min illərdir dinə düşmən olan, yer üzündə əxlaqsızlığı və pozğunluğu yaymaq istəyən insanların dindar, səmimi, gözəl əxlaqlı insanlara qarşı istifadə etdiyi və bir-birinə miras kimi ötürdüyü bir üsuldur. Bu üsuldan hz. Nuhdan hz. Süleymana, hz. Musadan hz. Muhəmmədə (s.ə.v) qədər Allah`ın bütün elçilərinə və onların yanındakı əməlisaleh insanlara qarşı istifadə olunub. Yaxın tariximizdə Bədiüzzaman Səid Nursi kimi dəyərli bir İslam böyüyü də dinə düşmənçilik bəsləyənlərin bu üsulu ilə qarşılaşmışdı.

    Ancaq bu, çox əhəmiyyətli və mütləq bir həqiqətdir ki, keçmişdə heç bir böhtançı insan məqsədinə çata bilməmişdir. Nə firon, nə Nəmrud, nə də Peyğəmbərimizin (s.ə.v) yaxınlarına böhtan atanlar bu qiymətli insanlara bir zərər verə bilməmişdilər. Allah əməlisaleh qullarını inkarçıların bu cür böhtanlarından daim qorumuş və onları təmizə çıxarmışdır. Allah Quranda bu mövzu ilə əlaqədar hz. Musanı nümunə göstərir:

    Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi. Ey iman gətirənlər! Allah`dan qorxun və doğru söz söyləyin! (Əhzab surəsi, 69-70)

    Keçmişdə müsəlmanlara atılan böhtanlar nəticəsiz qaldığı kimi, günümüzdə də nəticəsiz qalacaq və heç bir nəticə verməyəcəkdir.

BÖLMƏLƏR