Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Müsəlmanların böhtan qarşısındakı davranışı

    bohtan


    Quranda həyatlarından nümunələr verilən elçilər Allah`ın sevdiyi, onlardan razı olduğunu xəbər verdiyi və cənnətlə müjdələdiyi qullardır. Elə isə Allah`ın razılığını və sevgisini əldə etmək istəyən hər mömin o mübarək insanların əxlaq və davranış tərzini özünə nümunə götürməlidir. Allah Quranda: "Həqiqətən, Allah`ın Rəsulu Allah`a, qiyamət gününə ümid bəsləyənlər və Allah`ı çox zikr edənlər üçün gözəl nümunədir!" (Əhzab surəsi, 21) deyə bildirmişdir. Bu kitabda bu günə qədər möminlərə atılan böhtanlardan bəhs edərkən əsas məqsəd keçmişdə peyğəmbərlərin və onların ətrafındakı möminlərin, həmçinin yaxın tariximizdəki İslam alimlərimizin yaşadıqları çətinliklərin və onların bu çətinliklər qarşısında göstərdiyi təvəkkülün, səbirli halın görülməsi və nümunə götürülməsidir.

    İmansız və ya imanı zəif biri üçün böhtana məruz qalmaq məhv olmaq deməkdir. Xüsusilə Allah`ın elçilərinə atılan böhtanları düşünsək, bunlardan hər hansı biri ilə qarşılaşan dinsiz və ya zəif imanlı birisinin bütün həyatı alt-üst olur. Məsələn, belə bir adam namusla əlaqədar bir böhtana məruz qalsa və ya etmədiyi halda oğurluqda günahlandırılsa, şiddətli bir sarsıntı keçirər. Cahiliyyə anlayışı içində öz sözləri ilə desək, "həyatdan küsər, yasa qapılar, sıxıntıya düşər". Hətta ən kiçik böhtanla qarşılaşsa belə, dərhal ümidsizliyə qapılar. Çoxlu sayda böhtanlara məruz qalması bu insanda ruhi tənəzzülə və süquta səbəb olar. "Bu böhtanların hansını təmizləyəcəyəm" və ya: "Milyonlarla insan bunları bu cür öyrəndi, bunların doğrusunu insanlara necə başa salacağam" deyə həyəcan keçirə bilər. Bu iftiralar səbəbindən gələcəklə bağlı əndişələnə bilər. Haqlı olduğu ortaya çıxsa belə, insanlar arasında "palçıq at, izi qalsın" məntiqinin işlədiyini, insanlar tərəfindən hər zaman bu böhtanlarla xatırlanacağını düşünərək təlaşa düşə bilər.

    Allah`a iman edən təvəkküllü insanların vəziyyəti isə bu məntiqdəki insanlardan tamamilə fərqlidir. Saleh müsəlmanlar nə ilə qarşılaşırsa qarşılaşsın, yuxarıda qeyd etdiyimiz kimi, ağılsız davranışlar göstərməzlər. Həqiqi imanla meydana gələn təvəkkülə və Allah`ın insanlar üçün yaratdığı qəzavü-qədərə olan təslimiyyətə sahib bir müsəlmanla Qurana görə yaşamayan insanlar arasındakı fərq xüsusilə belə çətin vaxtlarda ortaya çıxır.

    Möminlər bir böhtana məruz qaldıqda onlar buna Allah`ın bir imtahanı deyə səbir göstərib təvəkkül etsələr, Allah`ın onlardan razı olacağını və onları bu böhtanlardan təmizləyəcəyini bilirlər. Möminlərə atılan böhtanların onlar üçün, əslində, bir xeyir olduğu Qurani-kərimdə belə bildirilir:

    Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir! (Nur surəsi, 11)

    Qurana tabe olan insanlar hər şeydən əvvəl bütün hadisələrin Allah`ın bilgisi və nəzarəti altında həyata keçdiyinə, Allah`ın hər hadisəni onlar üçün ən gözəl və ən xeyirli şəkildə yaratdığına dəqiq bir bilgi ilə iman edirlər. Buna görə də ən şiddətli və amansız görünən böhtanla qarşılaşsalar da, bunun ardınca özləri üçün mütləq bir xeyir gələcəyini bilirlər. Əlbəttə ki, möminlər özləri haqqında deyilən əsassız sözlərdən uzaq olduqlarını göstərmək və həqiqəti üzə çıxarmaq üçün düzgün üsullara əl atırlar. Bunu da Allah`ın onlar üçün xeyir və gözəllik dilədiyini bilərək edirlər.

    Hətta bəzən dünya həyatındakı imtahanın bir parçası olaraq bir mömin üçün böhtanla birlikdə bir sıra çətinliklər də gələ bilər. Bu çətinliklər şiddətli bir xəstəlik, ailənin və yaxınların ağır vəziyyətə düşməsi, maddi çatışmazlıq şəklində ola bilər. Həqiqi müsəlman bütün bunların Allah tərəfindən bir sınaq olduğunu, hər çətinliklə birlikdə bir rahatlıq yaradıldığını və səbir edənlərin cənnətlə müjdələndiklərini bilərək qərarlı, cəsur və şövq dolu bir davranış göstərər. Əsla sıxıntı duymaz, ümidsizliyə qapılmaz, üzülməz, başına gələn bütün çətinlinləri Quranda əmr edilən ağıllı davranışla və gözəl üslubla qarşılayar.

BÖLMƏLƏR